Ofis işinin yanğın təhlükəsizliyinin təminatı
Ofis işinin yanğın təhlükəsizliyinin təminatı mühüm məsələlərdən biri olduğundan, idarə rəhbərliyi iş yerində bu məsələyə ciddi fikir verməli və bütün təlimatlara dəqiqliklə riayət etməlidir.
Yanğın təhlükəsizliyi ölçülərinin təmin edilməsinə məsuliyyəti üzərinə idarənin rəhbəri və ya onun vəzifələrini müvəqqəti icra edən şəxs götürür. Bütün işçilər yanğına qarşı təlimatlandıqdan sonra işə buraxılır. Yanğın təhlükəsizliyi qaydalarının pozulmasında günahkar şəxslər pozuntuların xarakteri və nəticələrinə görə qanunvericiliyə və daxili qaydalara uyğun məsuliyyət daşıyır.
Otaqların və avadanlığın saxlanması:
– Binaya sərbəst giriş təmin edilməlidir. Dəhliz, tamburlar, yanğınsöndürmə vasitələrinə və elektrik cihazlarına aparan keçidlər qalaqlardan təmizlənməlidir.
– Təxliyə qapıları otaqlardan çıxışa doğru sərbəst açılmalıdır.
– Otaqlarda aşağıdakıların saxlanması qadağandır:
a) yanğın təhlükəli və ya tezalışan maddə və mayelər;
b) elektrik qaz-qaynaq və digər odla bağlı işlərin aparılması;
c) cərəyana birləşdirilmiş elektrik qızdırıcı cihazların nəzarətsiz buraxılması.
– Bir aydan az olmamaq şərti ilə otaqlarda quraşdırılmış odsöndürənlər yoxlamadan keçməlidir.
– İş yerləri və avadanlıq gündəlik zibil və tozdan təmizlənməlidir.
– Siqaretin çəkilməsinə ancaq xüsusi ayrılmış yerlərdə icazə verilir.
Elektrik qurğuları, elektrik şəbəkəsi və işıqlandırma:
– Müvəqqəti elektrik şəbəkəsinin quraşdırılması və istismarı yolverilməzdir.
– Elektrik şəbəkəsinin istismarı zamanı aşağıdakılar qadağandır:
a) izoləedici qatı sıradan çıxmış naqillərdən istifadə;
b) elektrik şəbəkəsinin qorunması məqsədilə qoruyucu avtomat və dərəcələri əriyən qoruyucular əvəzinə əldəqayırma qoruyuculardan istifadə.
– İş vaxtı sona çatdıqda növbətçi işıqlandırmadan başqa bütün elektrik qurğuları və avadanlıq cərəyandan ayrılmalıdır.
Yanğın zamanı hərəkət qaydaları:
– Yanğını və ya yanma əlamətlərini aşkar edən hər bir əməkdaş:
a) dərhal yanğın mühafizə xidmətinə zəng vuraraq obyektin ünvanını, yanğının baş verdiyi məkanı və özünün ad və soyadını bildirməlidir;
b) insanların təxliyəsinə, baş vermiş yanğının söndürülməsinə və maddi sərvətlərin qorunmasına yönəldilmiş lazımi ölçüləri götürməlidir.
– Təşkilatın rəhbəri və ya onu əvəz edən şəxs:
a) insanların həyatına təhlükə olarsa, onların xilas edilməsini təşkil etməli;
b)lüzum olduqda elektrik enerjisinin verilməsini kəsməli;
c) yanğının söndürülməsi ilə bağlı olmayan bütün işləri dayandırmalı;
d) yanğın mühafizəsi əməkdaşlarının qarşılanmasını təşkil etməlidir.
– Yanğınsöndürmə dəstəsi hadisə yerinə yetişdikdə idarə rəhbəri dəstənin rəhbərini obyektin konstruktiv və texnoloji xüsusiyyətləri barədə məlumatlandırmalıdır.
Yanğın təhlükəsizliyi ölçülərinə dair vacib tələblər
Yanğın təhlükəsizliyi ölçüləri haqda təlimat bina və tikililərin, texnoloji proseslərin, texnoloji və istehsalat avadanlığının yanğın təhlükəliliyi spesifikasından irəli gələn yanğın təhlükəsizliyi qaydaları, normativ-texniki, normativ və digər sənədlər əsasında işlənib hazırlanmalıdır.
Yanğın təhlükəsizliyi ölçülərində təlimatda aşağıdakı məsələlər öz əksini tapmalıdır:
– ərazinin, bina və otaqların, eləcə də təxliyə yollarının saxlanması qaydaları;
– texnoloji proseslərin aparılması, avadanlığın istismarı və yanğın təhlükəli işlərin aparılması zamanı yanğın təhlükəsizliyini təmin edən tədbirlər;
– partlayış və yanğın təhlükəli maddələrin və yanğın təhlükəli maddə və materialların saxlanması və daşınması qayda və normaları;
– siqaretin çəkilməsi, açıq oddan istifadə və odla bağlı işlərin keçirilməsi yerləri;
– yanar maddə və materialların yığılması, saxlanması və çıxarılması, xüsusi geyimlərin saxlanması qaydaları;
– nəzarət-ölçü cihazların (manometr, termometr və s.) son hədd göstəriciləri (bu hədlər keçdikdə yanğın və ya partlayış baş verə bilər).
Yanğın zamanı və digər hallarda işçilərin vəzifələri:
– yanğın xidmətinin çağırılması qaydaları;
– texnoloji avadanlığın qəza dayandırılması qaydaları;
– ventilyasiyanın və elektrik avadanlığının söndürülməsi qaydaları;
– yanğınsöndürmə vasitələrinin və yanğın avtomatikası qurğularının istifadə qaydaları;
– yanar maddə və maddi sərvətlərin təxliyə qaydaları;
– müəssisənin otaq və sexlərinə baxış və onları oddan və partlayışdan təhlükəsiz hala gətirilməsi qaydaları.
mənbə: www.fhn.gov.az