FMG nədir?
Fərdi mühafizə vasitələri (FMV) insanları iti, kəskin və küt alətlərin təhlükəsindən, elektrikdən, istivurmadan, donvurmadan, kimyəvi maddələrin təsirindən, infeksiyadan və s. təhlükələrdən qorumaq üçün nəzərdə tutulan geyim və avadanlıqlardır. Bunlardan fərdi mühafizə geyimləri (FMG) daha çox və əməliyyat sahəsində daima tələb olunanlardır. Digər köməkçi vəsaitlər isə əməliyyatın xarakterindən asılı olaraq (məsələn, hündürlük işlərində – qoşqu ləvazimatı (ing: harness)) istifadə edilə bilər.
Əsas fərdi mühafizə geyimləri bunlardır:
- Kombinezon
- Ayaqqabı
- Dəbilqə
- Eynək
- Əlcək
Əməliyyatdan və fəsildən asılı olaraq bura respiratorlar (sadə və filterli), dəbilqə üçün qayış və çənə altlığı (küləkli havada), dəbilqə üzlüyü (gündən qorunmaq üçün), qulaqcıq və s. əlavələr də etmək olar.
Kombinezon
Kombinezon qolları, bədəni və ayaqları da tam örtməklə bədəni qoruyan bütöv və yaxud iki hissədən ibarət geyimdir. Adətən, seçim zamanı materialın yanğına və kimyəvi maddələrə davamlı olmasına diqqət etmək lazımdır. Üzərində fosfor effektli əksetdirici olan zolaqlar olur. Bunlar çiyinlər, qollar və ayaqlarda tikilir. Məqsəd gecə vaxtı işçinin qaranlıqda rahat seçilməsidir.
Təhlükəsizlik ayaqqabıları
Bunlara polad ucluqlu ayaqqabılar da deyilir. Qoruyucu ucluqların hansı materialdan olması vacib deyil. Bu polad, alüminium, bərk plastik və s. materialdan da ola bilər. Xaricən aydın olaraq görünə və yaxud daxildə yerləşdirilə bilir. Qoruyucu ucluqların təhlükəsizlik ayaqqabılarında mövcudluğu vacibdir. Əks təqdirdə adi ayaqqabıdan heç bir fərq olmaz. Təhlükəsizlik ayaqqabılarının seçimində vahid standart adlı bir anlayış mövcud deyil. ABŞ, Kanada, Avropa və s. standartlar mövcuddur.
Təhlükəsizlik dəbilqəsi
Dəbilqə başı düşən əşyalardan, pis hava şəraiti, elektrik şoku və s. qorumaq üçün nəzərdə tutulan geyimdir. Davamlı plastik materialdan və metaldan hazırlana bilər. Sənayedə adətən plastik dəbilqələrdən istifadə olunur. Dəbilqələrin daxili dizaynında təhlükəni və zərbənin təsirini minimallaşdırmaq üçün parça qayışlardan istifadə olunur. Bunlar çarpaz kəsişir və dəbilqənin başa rahat oturmasını təmin edir və plastikin başı incitməsinə imkan vermir. Həmçinin, başla dəbilqə arasında boşluq yaradaraq başı istidən və soyuqdan da qoruyur.
Təhlükəsizlik eynəyi
Eynəklər gözü uçan əşyalardan, görünən və yaxından olan işıq və yaxud radiasiyadan qorumaq üçün istifadə olunur. Qara (gün) və ağ (şəffaf) eynəklər fəslə uyğun olaraq qışda və yayda istifadə edilmək üçün fərqləndirilir. Qaranlıqda sarı rəngli eynəklərdən istifadə olunur.
Əlcəklər
Əlcəklər çox vacib qoruma vasitələrindən biridir. Belə ki, birbaşa kontakt adətən əllə olduğuna görə düzgün modellərin seçilməsi və əlcəklərin saz vəziyyətdə olması vacib faktordur. Yarana biləcək zədəli hissədən içəri elektrik keçə və bu ölümcül ola bilər.
Əlcəklərin təyinatı təhlükələrə uyğun olaraq dəyişir:
- Mexaniki təhlükə: Bərk və yaxud kəsici alətlərdən qorunmaq üçün istifadə olunur.
- Kimyəvi təhlükə: Tökülmək və yaxud sıçramaqla əldə yanıq, qıcıq və iltihab yarada biləcək maddələrdən qorunmaq üçün nəzərdə tutulur. Kimyəvi maddələr dərhal və yaxud müəyyən müddət sonra öz təsirini göstərə bilirlər.
- Termal təhlükə: Bu növ təhlükələr müxtəlif formada gələ bilir. Sənayedə radiasiyadan böyük yanğına kimi, adi soyuq sudan donmuş qazlara kimi rast gəlmək mümkündür. Burada əsasən təhlükənin növünü bilmək və uyğun qoruma əlcəyindən istifadə etmək lazımdır.
- Statik elektrik: Bura elementar olaraq qaynaq işini göstərmək olar. Təyinatlandırılmış əlcəklərdən istifadə etmək lazımdır.
Safety.az